Keysəriyyə kəsiyi əməliyyatı
Keysəriyyə kəsiyi əməliyyatı müasir mamalıqda geniş istifadə olunan əməliyyatdır. XIX əsrdə doğuşların 1%-ni, XX əsrin 50-60-ci illərində 2-3%-ni, 80-ci illərində 10-25% -ni təşkil edir. Roma imperatoru Juli Sezar bu əməliyyatla doğulmuşdur (anası ölmüşdü). Ona görə bir çox avropa ölkələrində bu əməliyyat Cezar (sezarian), bəzilərində isə Kesar kəsiyi adlanır.
Təxirəsalınmaz və planlı Keysəriyyə kəsiyi (KK) əməliyyatları aparılır.
Planlı əməliyyatlar – uşaqlıq divarı kifayət qədər inkişaf etmədikdə, dölün qeyri-düzgün vəziyyətlərində, yaşlı ilk doğanda, ağır preeklampsiya və eklampsiya, dar çanaqlarda, bəzi ekstraginital xəstəliklərdə, çanaq gəlişlərində və s. aparılır.
Təxirəsalınmaz KK əməliyyatı isə – normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması və cift gəlişlərində, klinik dar çanaqlarda və dölün hipoksiyasi zamanı aparılır.
Əməliyyata göstəriş və əks göstərişlər: KK – əməliyyatına göstərişlər (həm ana, həm də döl tərəfindən) nisbi və mütləq olmaqla iki yerə bölünür.
Mütləq göstərişlər – bu klinik situasiyalar zamanı doğuş təbii doğum yollarından mümkün deyil. Əvvəllər ancaq ana tərəfindən olan situasiyalar nəzərə alınırdı. Hal-hazırda həm ana, həm də döl tərəfindən olan göstərişlər nəzərə alınır. Mütləq göstərişlərə aşağıdakılar aiddir:
– ana tərəfindən – normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması və doğuşun təbii yolla aparılmasına şəraitin olmaması; güclü və təkrarlanan qanaxma ilə müşayiət olunan tam və natamam cift gəlişləri; tam (mərkəzi) cift gəlişi; III-IV dərəcəli anatomik dar çanaqlarda, nəhəng döl olduqda II dərəcəli və klinik dar çanaqlarda; dölün doğulmasına doğum yolları tərəfindən maneənin (şişlər, çapıq nəticəsində daralmalar, aralığın III dərəcəli cırılmasından sonraki vəziyyət) olması; uşaqlıq divarının keçmiş KK əməliyyatından, miomoektomiyadan, perforasiyadan sonraki çapıqları; ağır preeklampsiya, eklampsiya; terapiyaya tabe olmayan doğum gücü zəifliyi; proqressivləşən və dekompensasiya fazasında olan eksragenital xəstəliklər (hipertoniya, ürək-damar xəstəlikləri); çanaq sümüklərinin deformasiya və sınıqları anamnezində sidik-cinsiyyət və bağırsaq-cinsiyyət svişlərinin olması; uşaqlığın cırılma təhlükəsi və ya cırılmanın başlanması; müxtəlif lokalizasiyalı bəd xassəli şişlər; xarici cinsiyyət orqanları nahiyyəsində nəzərəçarpan varikoz genəlmələri; kombinə olunmuş göstərişlər (iri döl, çanaq gəlişi və yaşı ötmüş ilk doğan və s.); HELLP sindromu, qara ciyərdə ferment aktivliyinin yüksəlməsi fonunda trombositopeniya; cinsiyyət yollarının herpes virusu ilə infeksiyalaşması;
– döl tərəfindən – terapiyaya tabe olmayan hipoksiya və dölün təcili azad olunmasına şəraitin olmaması; dölün köndələn gəlişləri (dölyanı maye axıbsa); açılmış baş gəlişləri (alın, ön görkəm üz), arxa təpə (asinklitik) gəlişi, oxabənzər tikişin yüksək düz duruşu; ananın aqonal vəziyyətdə olması və ya ölməsi zamanı diri döl.
Nisbi göstərişlər zamanı doğuş təbii doğum yollarından aparmağa şərait olur, amma bu çox risklidir. Nisbi göstərişlər aşağıdakılardır:
– ana tərəfindən – I və II dərəcəli anatomik dar çanaq, xüsusilə başqa əlverişsiz faktorlarla müşaiyət olunduqda (qadının yaşının çox olması, çanaq gəlişləri); terapiyaya tabe olmayan proqressivləşən hipertenziv vəziyyətlər və ekstragenital xəstəliklər; doğum gücü zəifliyi; uşaqlıqda çoxlu miomatoz düyünlərinin olması; MSS xəstəlikləri; yaşlı ilk doğan (30 yaşından yuxarı ağırlaşmış anamnezlə); şəkərli diabet və iri döl; vaxtı ötmüş hamiləlik; uşaqlığın inkişaf qüsurları; müxtəlif kombinə olunmuş göstərişlər.
– döl tərəfindən – çanaq gəlişlərində iri döl (3500 qr-dan çox); çoxdöllü hamiləlik zamanı birinci dölün köndələn və ya çanaq gəlişində olması; baş gəlişlərində pulsasiyalı göbək ciyəsinin olması; xroniki feto-plasentar çatışmazlıq; yaşı çox olan ilk doğan və induksiya olunmuş hamiləlik; vaxtı ötmüş hamiləlik, induksiyaya tabe olmayan doğuş fəaliyyəti; iri və nəhəng döl; anatomik dar çanaq (I və II) iri döl ( çəkisi 3500-dan çox ); ananın KK əməliyyatını təkidlə tələb etməsi.
KK əməliyyatına əks göstərişlər irinli septik ağırlaşmalarla əlaqədardır: doğanın kəskin və kəskinləşmiş xroniki xəstəlikləri; immun çatışmazlığı vəziyyəti; doğuş fəaliyyətinin 12 saatdan çox davam etməsi; çoxsaylı manual və instrumental vaginal müayinələrin aparılması; ölü döl və ya ölümcül diri döl.